Amerika ağ kəpənəyi

Amerika ağ kəpənəyi – ağacları məhv edən zərərverici – necə qurtulaq?

Amerika ağ kəpənəyi ağaclara və kollara zərər vuran zərərvericilərdəndir. 230-dan çox ağac, kol və ot bitkisini hədəf seçir. Zərərvericinin ən çox sevdiyi tut, ağcaqayın, alma, armud, heyva, gavalı, gilas, qarağac, palıd, çinar ağacları, üzüm və digər bitkilərin yarpaqlarıdır.

Onlar ağacda böyük hörümçək toru  əmələ gətirirlər. Hətta bütün ağacları bir-birinə torlar vasitəsilə birləşdirə bilirlər. Bu tor ağacda göbələk xəstəliyinə səbəb olur.

Kəpənək yumurtalarını yarpaqların alt hissəsinə yapışdırır. Bitkiyə ən çox zərər vuran, yumurtadan yeni çıxan qurdlardır. Onlar yarpaqlarla qidalanır. Bütün yarpaqları yeyərək ağacların məhsuldarlığını kəskin şəkildə azaldır. Zərərvericilər həmçinin yetişməkdə olan meyvələri yeyərək məhv edirlər.

Bu zərərvericilər insan sağlamlığına da mənfi təsir göstərir. Tırtılların tükcükləri həssas insanlarda allergik reaksiyaya səbəb olur.

Əlamətləri

Kəpənək ağ rəngdədir, Bədəni qalın ağ tüklərlə örtülüdür. Erkəklərin qanadlarında tünd qəhvəyi nöqtələr olur. Bədəninin uzunluğu 9-15 mm arasında dəyişir. Qanadları açılanda isə kəpənəyin uzunluğu 20-36 mm olur.

Çoxalması

Zərərverici sürətlə yayılma və çoxalma qabiliyyətinə malikdir. Dişi kəpənək 0,5 – 0,7 mm uzunluğunda yumurtalar qoyur. Yumurtalar qruplar şəklində olur. Hər qrupda 100 – 600 yumurta olur. Bir zərərverici 1500-ə qədər yumurta qoyur. Hətta ikinci nəslin dişiləri bu sayı 2500-ə qədər artıra bilir.

Birinci dövr tırtıl yaşıl rəngdədir  və bədəni uzun tüklərlə örtülü olur. Sonrakı dövrdə rəng dəyişir. Yetkin bir tırtılın uzunluğu 30-40 mm-ə çatır.

Temperatur və rütubətdən asılı olaraq zərərvericilərin mərhələləri müxtəlif müddət tələb edir. Pupalaşma dövründən sonra pupa mərhələsidir ki, bu da 15-20 gün davam edir, ikinci nəsil kəpənəklər iyulun ortalarından avqustun sonuna qədər uçurlar. İkinci nəsil tırtılları payız  aylarına qədər zərər verir. Sonra pupalaşaraq qışlayırlar.

Pupalar ağac gövdələrinin və budaqlarının qabıqları altında, bitki qalıqlarının arasında, alaq otlarının gövdələrində, hasarların və binaların çatlarında, torpaqda qışlayırlar. Qışı pupa şəklində keçirirlər və qış mövsümünün sonunda meydana çıxırlar.

Yayıldığı bölgələr

Ölkəmizdə Amerika ağ kəpənəyi ilk dəfə 1984-cü ildə Quba-Xaçmaz bölgəsində tapılıb. Çox keçmədən Bakıda və Abşeron yarımadasında da aşkarlanıb.

Hazırda Abşeron yarımadasında, Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Bərdə rayonlarında yayılıb. Qonşu Türkiyə və Gürcüstanda çoxdur. Bu ölkələrlə meyvə-tərəvəz və nəqliyyat vasitələrinin daimi dövriyyəsi bu zərərvericilərin bizə gəlmə riskini həmişə artırır.

Ölkəmizdə Amerika ağ kəpənəyi ilk dəfə 1984-cü ildə Quba-Xaçmaz bölgəsində tapılıb. Çox keçmədən Bakıda və Abşeron yarımadasında da aşkarlanıb.

Amerika ağ kəpənəyi necə yayılır?

Bu zərərvericilər hava vasitəsilə, kənd təsərrüfatı və sənaye malları, meyvə, tərəvəz, giləmeyvə, əkin materialları, qablarının daşınması ilə yayılır.

Amerika ağ kəpənəyinə qarşı mübarizə

Amerika ağ kəpənəyinin olub-olmamasını bilmək  üçün bağ əraziləri vaxtaşırı yoxlanmalıdır. Effektiv mübarizə üçün hər nəslin inkişafı dövründə iki dəfə monitorinq aparılmalıdır. Zərərverici tapıldığı təsərrüfatlarda karantin tətbiq edilməlidir. Karantin qaydalarına uyğun tədbir görülməlidir. Mübarizə tədbirlərinə zərərvericilərin ilk nəsli dövründə başladıqda effektiv olur. İkinci nəsil inkişaf etdikcə daha çoxalır. Onların vurduğu zərər də artır.

Torlarla tırtıllar vaxtında aşkarlanmalı və məhv edilməlidir. Ağacda tırtılların tor yuvaları aşkar edildikdə həmin budaqlar kəsilərək yandırılmalıdır. Yaxud da dərman çilənərək məhv edilməlidir. Əkin materialları və alətləri dezinfeksiya olunmalıdır.

Tırtılların kütləvi əmələ gəlmə və kiçik yaş dövründə dərmanlaması daha effektivdir. Zərərvericilər pretroid, fosfor üzvi və neonikotinoid birləşmələri ilə dərmanlanır.

Profilaktik tədbirlər

Bitkilərin zərərvericilərlə yoluxmaması üçün yazda və payızda ağacın ətrafını, torpağı qazmaq, şumlamaq lazımdır. Ağaclar lazımsız  qabıqdan təmizləməli, gövdəsi əhənglənməlidir. Yerə tökülmüş  yarpaqları yerdə qoymaq olmaz. Onlar və digər bitki qalıqları təmizlənib yandırılmalıdır ki, zərərvericilər məhv olsun. Əks halda onlar həm ağacın ölü qabığının altında, həm də tökülmüş yarpaqlar vasitəsilə qışlayacaqlar.

Kəpənəyin yayılmaması üçün onun yayıldığı ölkələrdən idxal edilən yüklər, meyvələr, nəqliyyat vasitələri və s. diqqətlə yoxlanmalıdır.  Həmçinin  Amerika ağ kəpənəyinin yayıldığı bölgələrdən xaricə ixrac olunan bitkiçilik məhsullarına karantin baxışı həyata keçirilir.

Şirkətimiz Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirir. Bağınızın qorunması üçün bizə müraciət edə və fitosanitar xidmətlərimizdən yararlana bilərsiniz.

Related Blog