Məktəblərdə yayılan xəstəliklərə qarsi dezinfeksiya

Məktəblərdə hansı xəstəliklər yayılıb

Məktəblərdə yayılan xəstəlik nədir?

Məktəblərdə tədris başlayan ilk həftələrdən uşaqlar arasında qripəbənzər xəstəlik yayılmağa başlayıb. Bununla yanaşı qusma, ishal halları da müşahidə olunur. Bəs bu nə xəstəlikdir və uşaqlar arasında niyə sürətlə yayılır?
Payız – qış mövsümündə respirator virus infeksiyaları ilə tez-tez xəstələnmə və bu fonda ishal, qusma halları müşahidə olunur ki, bunların əsas törədiciləri viruslardır. Onlar yuxarı və aşağı tənəffüs yollarını zədələyir və uşaqlarda öskürək, qızdırma, qripəbənzər əlamətlər müşahidə olunur. Bəzən də rotavirus fonunda mədə-bağırsaq pozulması, qusma, ishal halları olur.
Uşaqlar məktəbə, bağçaya getdikləri üçün kollektivdə respirator xəstəliklər hava-damcı yolu ilə daha sürətlə yayıla bilir. Respirator virus infeksiyaları 200-300 addadır. Onlar tez-tez quruluşlarını dəyişə bilir. Hər dəfə uşaqların orqanizminə daxil olurlar. Onlar da qrip və qripəbənzər xəstəlik, öskürək, hətta sətəlcəmə qədər gətirib çıxara bilir. Amma mədə-bağırsaq pozuntusu da rotavirus fonunda kontakt yolu ilə uşaqlara keçir, qusma, ishal, qızdırma baş verə bilir. Bunu ən çox 7-8 yaşına qədər olan uşaqlarda görmək olur. Böyük yaşlı uşaqlarda və böyüklərdə də nadir olsa da görünə bilir. Kiçik yaşlı, yəni 5 yaşına kimi uşaqlar isə daha ağır keçirə bilir. Ona görə də belə uşaqlar rotavirus əleyhinə peyvənd olunmalıdır. Digəri isə respirator virus əleyhinə peyvənddir ki, rutin olaraq vurulan peyvəndlərdən əlavə, uşaqlara mövsümü qripə görə vurulur.

Hansı uşaqlar daha çox xəstələnir?

Normal olaraq xəstələnən uşaqlar və bir də risk qrupuna aid olanlar var. Normal uşaqlar payız – qış mövsümündə 5-6 dəfə yüngül respirator virus infeksiyasına, yəni qripə yoluxurlar. Bunlar yüngül simptomlarla keçir. Yəni 1-2 gün qızdırma, halsızlıq ola bilər. Tək-tək öskürəklər, burun axıntısı müşahidə olunur. 3-5 günə sağalır. Risk qrupuna aid olan uşaqların isə xəstəliyi uzun müddət davam edir. Payız-qış mövsümündə çox tez-tez, hətta sağalmadan təkrar xəstələnə bilirlər. Onlar nəfəs yollarının allergik problemi, adenotonziliti (boğazda artıq ət), adenoidi (burunda artıq ət) olan uşaqlardır. Adenoidi olan uşaqlar normal halda da rahat nəfəs ala bilmirlər. Burun tez-tez tıxanır. Ağızla nəfəs almağa məcbur olurlar. Belə olduqda öskürəklərə, tez-tez boğazda iltihablaşmaya, xroniki tonzilitin (boğaz əti) yaranmasına səbəb olur. Öskürək, xışıltı, allergiya birlikdə nəfəs darlığı, xəstələnmə və qızdırma ilə nəticələnir. Doğulandan bədən müqaviməti, immun sistemi zəif, anemiyası olan, yaxşı qidalanmayan uşaqlar da risk qrupuna aiddirlər. Valideynlər çox zaman uşaqların immun sistemini gücləndirmək üçün özbaşına olaraq apteklərdən dərmanlar alıb verirlər. Bu yanlış metoddur. Çünki bədən müqavimətini, immun sistemini gücləndirən xüsusi dərman yoxdur. Bu həkim məsləhəti əsasında kompleks müalicə ilə həll oluna bilər.
Uşaqlar orqanik, təbii qidalarla qidalanmalıdırlar. Meyvə – tərəvəz, bal, zeytun, avokado, yumurta yeməlidirlər. Təbii proteini bol olan, açıq havada çox vaxt keçirən, bol maye içən uşaqlar daha az xəstələnirlər. Davamlı şəkər, şokolad, konservləşdirilmiş qidalar yeyən uşaqların bədənində mübadilə pozğunluğu yarana bilir. Belə uşaqlar mədə-bağırsaq, yuxarı tənəffüs yollarının infeksiyalarına tez yoluxurlar.

Yoluxma əleyhinə hansı tədbirlər görülməlidir?

Uşaq bağçalarında xəstə uşaqların ayrı saxlanması üçün xüsusi otaq olmalıdır ki, həm davamiyyət zəifləməsin, həm də sağlam uşaqlar yoluxmasın. Məktəblərdə uşaqları qrip peyvəndi etdirmək üçün maarifləndirmək lazımdır. Çünki bu peyvənd uşaqları xəstələnməkdən 70-80 faiz qoruyur. Peyvənd 6 aydan yuxarı bütün uşaqlara (yumurta allergiyası olan uşaqlar istisna olmaqla) vurula bilər.
Tədris müəssisələrində uşaqlar gəlməmişdən öncə və yaxud evə getdikdən sonra otaqlar havalandırılmalı, dezinfeksiya olunmalıdır. Çalışmaq lazımdır ki, yan təsiri olmayan dezinfeksiya məhlullarından istifadə olunsun. Həssas uşaqlarda allergik reaksiya yaratmasın. Uşaqlar gigiyena qaydalarına əməl etməli, əlləri tez-tez yumalı, xəstəlik varsa, maska taxmalıdırlar.

Related Blog