Son zamanlar vətəndaşlar arasında qripəbənzər virus kütləvi şəkildə yayılmaqdadır. Yüksək və uzunmüddətli hərarət, boğaz ağrısı, öskürəklə müşahidə olunan xəstəlikdir. Vətəndaşları narahat edən bir sual var ki, bu nə virusdur? Metapnevmovirusdurmu?
Xüsusilə Çində, Qazaxıstanda, Rusiyada sürətlə yayılmaqda olan, hava damcı yolu ilə yoluxan metapnevmovirusun mövcudluğu bu təşvişə səbəb olur. Vətəndaşların suallarına aydınlıq gətirmək üçün uzman infeksionist Vasif Əliyevdən müsahibə aldıq. Həkim qeyd edir ki, bu xəstəliklərə səbəb bir çox viruslar ola bilər:
“Bunlar qrip də ola bilər, paraqrip də. Eyni zamanda RSV virusu, rinovirus, adenovirus, koronavirus, hətta metapnevmovirus da ola bilər. Hava damcı yolu ilə yoluxan virusdur. Bütün digər respirator infeksiyalar kimi bu da sürətlə yayılır”.
Hazırda yayılan virusun metapnevmovirus olub-olmadığına gəlincə, ekspert bildirdi ki, xəstələr çox vaxt evdə özləri müalicə olunduqları üçün hansı virusa yoluxduqları məlum olmur:
“Hansı virus olduğunu bilmək üçün burundan yaxma götürülməli, respirator panel deyilən RZR üsulu ilə yoxlanmalıdır. Necə ki, covid dönəmində yoxlanıldığı kimi”.
Qış mövsümündə respirator viruslarla xəstələnmə hallarının artmasını vurğulayan həkim, qapalı məkanlardan, ictimai nəqliyyatdan daha çox istifadənin də buna zəmin yaratdığını qeyd edir:
“Xüsusilə də bağçalarda və məktəblərdə uşaqlar arasında yoluxma daha sıx olur və böyüklərə də daha çox uşaqlar vasitəsilə keçir”. Metapnevmovirusa gəlincə həkim qeyd etdi ki:
“Hal-hazırda bildiyim qədəriylə müraciət edən xəstələrdə dövlət tərəfindən RCR üsulu icra olunmur. Ehtiyac yoxdur. Virus daha çox ölkələrə yayılarsa, təhlükəlilik nisbəti artarsa, o zaman bizdə də bu virusun olub-olmadığı yoxlanar”.
Xəstəliyin müalicəsi necə aparılmalıdır?
V. Əliyev xəstələrə evdə istirahət rejimi, bol maye qəbulu, antibiotikdən deyil, hərarət salıcı dərmanlardan istifadə etməyi, poliklinika həkiminə xəstəlik barədə məlumat verməyi və nəzarətdə olmağı tövsiyə edir: “Adətən xəstəlik 5-7 günə sağalır. Ancaq bu müddət uzanarsa, həkim tərəfindən əlavə müayinə və müalicə tətbiq edilməlidir. Konkret müddət demək doğru olmaz. Xəstənin immun vəziyyətindən, yaşından, yanaşı gedən xəstəliyindən, eyni zamanda davamlı istifadə etdiyi dərmanlardan (immun spesifik dərmanlardan istifadə edir, bədən müqaviməti zəifləyə bilir) asılı olaraq virusun sağalma müddəti uzana bilər. Simptomlara və xəstəliyin müddətinə görə hansı virus olduğunu dəqiq demək olmur. Ehtimal etmək olar. Ancaq pandemiya təhlükəsi olarsa ilk şübhələndiyimiz həmin virus ola bilər. Covid dönəmində olduğu kimi. Xəstələnən kimi insanların ağlına ilk gələn Covid olurdu”.
Respirator viruslardan qorunma yolları
Həkim respirator xəstəliklərdən qorunmaq üçün əsas tədbir kimi xəstə insanın izolyasiyanı tövsiyə edir. Ara məsafəsini gözləmək, davamlı əllərin yuyulması, dezinseksiyaedici məhlullardan istifadə etmək, ehtiyac halda maska taxmaq, bunlar qoruyucu tədbirlərdir:
“Bu viruslar cansız mühitdə uzun müddət canlılığını qoruyub saxlaya bilmir. Ancaq xəstə şəxs asqırdıqda, öskürdükdə hava damcı yolu ilə yoluxan viruslar uzun müddət havada asılı qala bilər. Bu vəziyyət təhlükəlidir. Burada dezinfeksiya və havalandırma işləri aparılmalıdır”. (Dezinfeksiya xidməti üçün əlaqə saxla)
Tibbi ekspert sürətli yoluxmanın qarşısının alınması məqsədilə xəstə insanın izolyasiyası üçün bülletenlərin təmin olunmasının önəmini vurğulayır:
“Bülletenlər təmin olunmalıdır ki, xəstə insanlar işə getməsinlər. Elə şərait yaradılmalıdır ki, xəstə şəxs işdən və ya məktəbdən qalmaqdan çəkinməsin”. Profilaktik tədbirlərdən biri olan peyvəndi də qiymətləndirən həkim, qeyd etdi ki, metapnevmovirusa qarşı hələ ki, vaksin yoxdur. Qripə qarşı peyvənd var, ancaq onun da metapnevmovirusa qarşı qoruyuculuğu yoxdur. Qrip əleyninə isə effektivdir. Bu peyvəndlər oktyabr ayında vurulmalıdır. Ancaq hazırki vəziyyəti nəzərə alaraq yanvar, fevral aylarında da peyvənd vurdurmaq olar. Tez-tez xəstələnən, immun sistemi zəif, xroniki xəstəliyi olan, yaşlı insanlar bu peyvəndləri mütləq vurdurmalıdırlar.