qrip yoxsa covid

Yayılan xəstəlik nədir? Qrip, yoxsa COVID?

Son zamanlar insanlar arasında qripəbənzər xəstəlik yayılıb. Xüsusilə də məktəblər, uşaq bağçaları kimi toplu yerlərdə sürətlə yayılan virus insanların təşvişinə səbəb olub. Bu qripdir, yoxsa COVID-in hər hansı bir ştammı?

Bu suala aydınlıq gətirmək üçün infeksion xəstəliklər uzmanı, həkim Vasif Əliyevin fikrini öyrəndik.

Həkim qeyd edir ki, həm qripin, həm də COVID ştamlarının artımı müşahidə olunur: “Bunun hansı virus olduğunu bilmək üçün araşdırılmalıdır. Burundan yaxma götürülərək test olunmalıdır. Soyuq fəsillərdə yayılan qrip, paraqrip, COVID, adenovirus, rinovirus, RCV və digər viruslar eyni əlamətlərlə müşahidə olunur. Ona görə mütləq analiz verilməlidir”.

Həkim xəstəliyə asanlıqla yoluxmamaq üçün mövsümə uyğun geyinmək, sağlam qidalanmaq, zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edir:

“Xəstə olan şəxs mütləq maskadan istifadə etməli, asqırıb öskürəndə ağızı qolla örtməlidir. Ev şəraitində müalicə almalıdır ki, xəstəliyi sağlam insanlara da yoluxdurmasın. Həkim nəzarətində olmalıdırlar. İstirahət rejimi, bol maye qəbul etmək, yüksək temperatur olarsa, hərarət salıcı dərmanlardan istifadə tövsiyə olunur”.

Həkim antibiotiklərdən istifadəni məsləhət görmür: “Virus mənşəli xəstəlik olduğundan hər hansı bir antibiotikdən istifadə olunmamalıdır. Əgər xəstəlik ağırlaşarsa, ikincili bakterial infeksiya qoşularsa, həkim nəzarəti altında antibiotik istifadə etmək olar”.

Ekspert xəstəliyə qarşı peyvəndləmənin əhəmiyyətini də vurğulayır: “Tez-tez xəstələnən insanlar, uşaqlar, xroniki xəstəliyi olanlar hər il mövsümi olaraq, oktyabrdan başlayaraq qış ərzində qripə qarşı peyvənd olunmalıdırlar”.

Xəstəliyə qarşı əllərin tez-tez sabunla yuyulmasının vacibliyini vurğulayan həkim, dezinfektantlardan istifadəni də tövsiyə edir.

Related Blog