El arasında “sarılıq” adı ilə tanınan, son zamanlarda yayılması ilə gündəmə gələn bu xəstəlik Hepatit A virusu tərəfindən törədilir və qaraciyərin zədələnməsi ilə müşahidə olunur. Əsasən natəmizlikdən yayıldığı üçün “çirkli əl xəstəliyi” də deyilir. Hepatit A əsasən uşaqlar və gənclər arasında daha çox müşahidə olunur. Ancaq yaşlı insanlar da bu xəstəliyə yoluxa bilər.
Sarılığın əlamətləri
Sarılıq dedikdə ilk öncə yada düşən sarı gözlərdir. Gözlərin, həmçinin dərinin saralması xəstəliyin əsas əlamətidir.
Bundan əlavə, günlərlə davam edən halsızlıq, iştahsızlıq, mədə, qarın ağrısı, ürəkbulanma və ya qusma, sidiyin rənginin tündləşməsi kimi hallar da virusa yoluxmanın başlanğıc əlamətləridir. Bəzi xəstələrdə xəstəlik qripəbənzər əlamətlərlə, qızdırma, oynaq ağrıları, halsızlıq, üşütmə, kimi başlaya bilər. Elə insanlar var ki, xəstəliyi rəngi saralmadan keçirə bilir. Bu xəstəliyin silinmiş formasıdır. Belə halda xəstələr ya heç bir simptom müşahidə etmirlər, ya da bir qədər halsızlıq, tez yorulma, ümumi zəiflik, iştahın zəifləməsi kimi hiss edirlər.
Sarılıq xəstəliyinin yoluxma yolları
Hepatit A virusunun yoluxma yolları aşağıdakılardır:
Çirkli su içdikdə;
Çirklənmiş suda yuyulmuş qidalar yedikdə;
Çiy və ya tam bişməmiş qidalarla qidalandıqda;
Əllərini düzgün yumayan, yaxud Hepatit A virusuna yoluxmuş insanın hazırladığı yeməyi yedikdə;
Xəstənin nəcisi ilə çirklənmiş şəxsi əşyalarla (uşaq bezi, alt paltarı və s.) təmasda olduqda;
Çirkli hovuzlarda üzdükdə.
İnsanların soyuq aylarda qapalı yerlərdə toplaşması, ictimai nəqliyyatdan istifadə və s. bu xəstəliyin yayılmasına şərait yaradır.
Sarılığın yoluxma təhlükəsinin əsas müddəti xəstəlik başlandıqdan 2-4 həftə ərzindədir. Bu müddətdə xəstə, sağlam insanlardan təcrid olunmalıdır ki, onları xəstələndirməsin.
Sarılıq xəstəliyinin ağırlaşması
Hepatit A adətən yüngül gedişli xəstəliklərdən sayılır. Ancaq nəzarətsiz davam edərsə, bu xəstəlikdən ağırlaşmalar, hətta ölüm halları müşahidə edilə bilir. Xəstəlik vaxtında həkim nəzarətinə götürülməlidir. Ehtiyac olduğu halda müalicəyə cəlb olunmalıdır. Vaxtında müalicə olunmayan xəstəlik nəticəsində qaraciyər və onunla əlaqəli digər orqanların fəaliyyəti kəskin surətdə pozula bilər, hətta şikəstlik və ölüm halları baş verə bilər.
Sarılıq xəstəliyinin gedişatında risk qrupuna aid olanlar, 1 yaşa qədər körpə uşaqlar və yaşlı insanlardır.
İmmun sistemi zəif insanlar, yanaşı gedən bir və ya bir neçə xroniki xəstəliyi olanlar, şəkərli diabet, böyrək patologiyası və s. xəstələr sarılığı daha ağır keçirə bilərlər. Belə xəstələr mütləq xəstəxanaya yerləşdirilməli və həkim nəzarətində ciddi müalicə almalıdırlar.
Sarılıq xəstəliyinin profilaktikası və müalicəsi
Hepatit A virusunun yayılmasının qarşısını almaq üçün şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək mütləqdir. Xəstəliyin yayıldığı ocaqda epidemiya əleyhinə tədbirlər aparılmalıdır. Sosial məsafə saxlamaq, təması məhdudlaşdırmaq, dezinfeksiya tədbirləri həyata keçirmək mütləqdir.
Xəstəlik yüngül gedişatlı olarsa, ev şəraitində, həkim nəzarətində, təcrid olunmaqla, dərman müalicəsi olmadan belə, bol maye qəbulu və yataq rejimində sağalmaq mümkündür. Orta ağır və ağır gedişatlı xəstələr xəstəxanada müalicə olunmalıdırlar.
Hepatit A keçirmiş insan donor ola bilərmi?
İnsanlar arasında belə bir fikir formalaşıb ki, Hepatit A keçirmiş insan ömrü boyu donor ola bilməz. Ancaq bu yanlış fikirdir. Mütəxəssislər bildirirlər ki, xəstəliyin tam sağalma dövrü bitdikdən sonra donor olmaq mümkündür. Tam sağalma dövrü isə təqribən 6 aydır.
Peyvəndləmə
Hepatit A virusu ömürlük immunitet yaradır. Bir dəfə bu virusa yoluxan insan bir daha yoluxmur. Bu xüsusiyyətinə görə, Hepatit A virusundan effektiv qorunma metodunun peyvəndləmə olduğu bildirilir. Peyvənd 2 dozada vurulur. Təxminən 20 il qoruyuculuq qabiliyyətinə malikdir.