Tüstünün ekologiyaya zərəri – Bütün dünya əhalisini narahat edən mühüm problemlərdən biri də atmosferə atılan tüstülərdir. Məlumdur ki, sənaye inkişaf etdikcə zavod, fabrik, restoran və digər müəssisələrin fəaliyyəti nəticəsində havaya xeyli miqdarda tüstü buraxılır. Həmçinin əhalinin rifahının yüksəlməsi ilə əlaqədar olaraq, avtomobil istifadəçilərinin də sayı artır. Avtomobillərdən, eləcədə baş vermiş yanğınlardan atmosferə tüstü qalxır. Bütün bunların ekologiyaya zərərləri nələrdir və necə aradan qaldırmaq olar?
Bu suallar sənayenin inkişaf etdiyi ölkələrdə hökumətləri və əhalini daha çox narahat edir. Ölkəmizdə geniş miqyaslı olmasa da, müəyyən dərəcədə rast gəlinir. Xüsusilə də bizdə ən çox narahat edən faktor avtomobillərdən çıxan tüstülərin atmosfer havasına təsiridir. Məlumdur ki, avtomobillər uzun müddət istismar edildikdən sonra texniki vəziyyəti pisləşir. Bu da onlardan atmosferə atılan zərərli qazların miqdarını daha da artırır. Nəzərə alsaq ki, indiyədək ölkəyə idxal olunan avtomobillərin əksəriyyətinin yaşı 10 ildən çox olub, o zaman problemin ciddiliyini anlamaq çətin deyil. Ölkədə avtomobil istifadəçilərinin sayı da artıbdır. Bakı şəhərinin küçə-yol şəbəkəsi isə geniş deyil. Bu da uzun tıxaclara səbəb olur. Xüsusilə də günün pik saatlarında on minlərlə avtomobil şəhərdə hərəkətdə olur. Onlardan çıxan karbon qazı şəhərin müəyyən hissəsində atmosfer havasının çirklənməsinə səbəb olur. Bu da həmin ərazilərdə yaşayan əhalinin səhhətinə mənfi təsir göstərə bilir. Tənəffüs sistemində problemi olan və digər həssas insanlar üçün zərərli haldır.
Restoran, kafelər çox vaxt yaşayış binasının altında, yaxud yaxınlığında yerləşir. Oradan qalxan tüstülər də insan səhhətinə zərərli təsir göstərir.
Tüstünün bitkilərə də zərəri var. Məlumdur ki, bitkilərin əsas funksiyası fotosintezdir. Bitki karbonu udur, oksigen buraxır. Həmçinin hər bitkinin də karbona qarşı fərqli həssaslığı var. Həddən artıq karbona dözümlü olan və olmayan, çox həssas bitkilər də var. Həssas bitkilər artıq karbonu udmağa çatdırmır və məhv olur.
Problemin həlli yolları
Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq layihə çərçivəsində şəhərin müəyyən yerlərində avtomatlaşdırılmış hava keyfiyyətini ölçən stansiyalar quraşdırıb. Atmosferdə karbon qazı normadan artıq oduqda bu stansiyalar qeydə alır. Bundan əlavə nazirliyin regional idarələrinin müfəttişləri yerlərdə mütəmadi olaraq reydlər keçirirlər. Ümumi plana əsasən reydlər bir neçə aydan bir keçirilə bilər. Mütəmadi də aparılır. Paytaxtda və digər şəhərlərdə, rayonlarda gündəlik iş rejiminə uyğun qrafiklə monitorinqlər apara bilərlər. İctimai iaşə obyektlərinin, restoranların, kafelərin bacalarında xüsusi tüstü təmizləyən filtrlərin quraşdırılması məcburi tələb olunur. Bu filtrlər tüstünü birbaşa havaya buraxmır. Zərərini təmizləyib buraxır. Həmçinin filtrlər vaxtaşırı xüsusi ixtisaslaşmış şirkətlər tərəfindən təmizlənməlidir ki, qənaətbəxş çalışsın. Nazirlik tərəfindən keçirilən yoxlamalar nəticəsində hər hansı obyektin bacasından həddən artıq tüstü çıxdığı müəyyən edildikdə cərimə tətbiq edilir.
Nəqliyyat vasitələrinə gəlincə, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı Nazirlər Kabinetinin ötən ilki qərarı ümidvericidir. Bu qərar avtomobillərdən atmosferə atılan zərərli qazların insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərini azaldacaqdır.
Həmçinin sənaye müəssisələrində də ETSN-nin regional qurumları müşahidələr aparır. Atmosferə buraxılan tüstünün ölçüsü ölçülür. Normadan kənar hallar aşkarlanarsa, müvafiq tədbirlər görülür.
Dünyada zavod və fabriklərdə tüstünün idarə olunması üçün xüsusi texnologiyalar mövcuddur. Bu vasitələr tüstünü birbaşa atmosferə buraxmır, onun tərkibindəki zəhərli maddələrin qarşısını alır. Zavod, fabrik rəhbərliyindən müəssisənin bu texnologiyalarla təchiz olunması tələb edilir. Sovet dövründən qalan texnologiyalar bu məsələdə yetərsizdir. Tüstünü əsasən təmizləmədən buraxır. Artıq yeni texnologiyalar sayəsində bu problemin həllində irəliləyiş var.