Qotur xəstəliyinin əlamətləri

Qotur xəstəliyi, qotur xəstəliyinin yaranması

Qotur xəstəliyi – Qoturluq qotur gənələrinin törətdiyi yoluxucu dəri xəstəliyidir.

Qotur gənələri xəstəliyi insana digər insandan və ya heyvandan daşıya bilir.

Xəstəlik fiziki təmas, ortaq geyim, əşya, yataq dəsti vasitəsilə yoluxa bilir.

Qotur gənələri insan dərisində yaşayır. Onlar dərinin səthində dəliklər qazır, yumurta qoyur və nəcisini buraxır. Buna görə də qaşınma yaranır.

Qotur xəstəliyinin əlamətləri

Qotur xəstəliyinin əsas əlaməti qaşınmadır. Qaşınma ən çox gecələr, yatağa uzanandan bir neçə dəqiqə sonra daha da şiddətlənir.

Dəridə, xüsusilə də barmaqların, qıçların arasında, biləklər, dirsəklər, sinə, süd vəzilərinin ərtrafı, kürəkdə, cinsiyyət orqanlarında və qarında qırmızı səpgilər olur.

Dərinin qaşınan hissələrində nöqtə boyda 2 dəlik görünür. Bu gənənin dəriyə girməsi və çıxması nəticəsində yaranan dəliklərdir. Dərinin altında bu dəliklər arasında nazik, boz və qəhvəyi tunellər var. Bu gənənin dəri altında keçdiyi yoldur. Yolun uzunluğu 0,5-1 sm qədər olur.

Qotur xəstəliyinin yaratdığı güclü qaşınma bütün həyat səviyyənizi aşağı salır. Dəridə ağrı və qıcıqlanma ola bilər. Həmçinin dəriyə infeksiya düşmə və hərarətin yüksəlməsi riski də var. Bu simptomlar yoluxmuş insanın yaşından və immun sistemindən asılı olaraq dəyişə bilər. Yaşlı insanlarda şiddətli qaşınma olmur. Yüngül simptomlarla özünü biruzə verir. Belə olduqda diaqnoz qoymaq da çətinləşir.

Qoturluğun simptomları  yoluxmadan 2-5 həftə sonra görünür.

Yetkin insanlarda dəridə qızartı və iltihab əl, ayaq barmaqları arasında, qoltuqaltılarda, qarın nahiyəsində, topuq və ayaqların daxili kənarlarında, süd vəzilərində, cinsiyyət orqanlarında olur.

Azyaşlı uşaqlarda qaşınma baş dərisində, ayaq və əllərin ovuclarında da yaranır.

Qoturluğun ağırlaşmaları ola bilər.  Eqzema, övrə, piodermiya, dermatit kimi  xəstəliklərə çevrilə bilər. Körpə uşaqlarda dırnaqların zədələnməsi müşashidə olunur.

Qotur nədən yaranır

Qoturluq daha çox yoluxmuş şəxslə birbaşa təmas nəticəsində yayılır. Dəridən dəriyə gənələr ötürülür. Belə ki, ailədə bir nəfər yoluxubsa, ailənin digər üzvləri də yüksək risk altındadırlar.

Yoluxmuş şəxsə məxsus  geyim, yataq dəsti və digər əşyalar da qotur gənələrinin ötürülməsinə şərait yaradır. Onları işlətmək qətiyyən olmaz.

Xəstəlik həmçinin ictimai yerlərdə də yayılır. Tədris müəssisələri, bağçalar, hərbi hissələr, idman zalları kimi toplu məkanlarda sürətlə yayılır.

Qoturluq müharibə və müharibədən sonrakı dövrlərdə daha çox müşahidə edilir.

Qoturluq xəstəliyi heyvanlardan insanlara keçə bilir. Ancaq bu nadir hallarda baş verir.   

Qoturluq cinsi yolla da keçə bilər.

Qotur xəstəliyinin müalicəsi

Qoturluq şübhəsi olduqda xəstə dermatoloq həkim  tərəfindən müayinə olunur. Dəridən analiz götürülür. Analizdə gənə və ya yumurtası aşkar edilərsə, qoturluq diaqnozu qoyulur.

Qoturluq xəstəliyi dərmanlarla müalicə olunur. Müalicə sonadək tamamlanmalıdır. Qoyulmuş yumurtalardan yeni gənələrin çıxacağını nəzərə alaraq tam təmizləmə üçün müalicə ikinci dəfə təkrarlana bilər.

Ailənin bir üzvü qoturluğa yoluxubsa, bütün ailə üzvləri yoxlanmalıdır.

Qotur xəstəliyi ilə mübarizədə sanitar-gigiyenik tədbirlər

Qoturluğa yoluxmusunuzsa, müalicə ilə paralel olaraq  paltarlarınızı, yataq dəstlərinizi, şəxsi əşyalarınızı tez-tez yuyun, dezinfeksiya edin. Həm də 50 – 60 dərəcədən yüksək temperaturda yuyun. Həmçinin yüksək temperaturda qurudun. İsti ütü ilə ütüləyin.

Tez-tez evdə təmizlik və dezinfeksiya işləri aparılmalıdır. Çünki yoluxmuş şəxsin toxunduğu əşyaların üzərində qotur gənələri qalır. Sağlam şəxslər həmin səthlərə toxunmaqla yoluxa bilərlər.

Qotur xesteliyinin tam müalicəsi bir neçə həftə çəkir. Simptomlar keçənə qədər müalicə və təmizlik, dezinfeksiya işləri davam etdirilməlidir.

Gigiyenik qaydalara ciddi əməl edin. Əllərinizi tez-tez yuyun. Qaşınma zamanı gənələr dırnaqların altında qalır. Bunun qarşısını almaq üçün dırnaqlarınızı qısa saxlayın.

Yoluxmuş insanlar sağalana qədər onlarla birbaşa təması məhdudlaşdırmaq vacibdir.

Müalicə ilə paralel aparılan dezinfeksiya işləri yüksək nəticə almağa kömək edir.

Sanitariya.az şirkəti qoturluq xəstəliyinin yayıldığı yerlərdə dezinfeksiya işləri həyata keçirir.

Related Blog