evlərdə həşərat problemi

Evlərdə həşərat problemi, Problemin həlli yolları nələrdir?

Evlərdə həşərat problemi – Qida, maye və istiliyin olduğu yerlər həşəratlar üçün əlverişli yaşayış mühitidir. Bu səbəbdən onlar evlərə daxil olurlar. Burada həm qidalanırlar, həm də küləkdən, yağışdan, qardan qorunurlar.

Evlərdə adətən milçək, ağcaqanad, bit, birə, tarakan, gümüş böcəyi (nəm böcəyi), taxtabiti və s. həşəratlar olur.

Həşəratlar evə necə daxil olur?

Həşəratlar zibil qablarından, kanalizasiya borularından, qonşuların mənzillərindən gələ bilər. Birələr qonşunun və ya özünüzün ev heyvanlarınızdan, yaxud zirzəmidəki gəmiricilərdən, pişiklərdən gələ bilər.

Taxtabiti evə ictimai nəqliyyatda, çantalarda, paltarların arasında, həmçinin təzə alınmış mebelin içərisində gəlir. Baş bitlərini övladınız məktəb, uşaq bağçası kimi yerlərdə yoluxub evə gətirə bilər. Bədən bitləri də məktəblər, bağçalar, hərbi hissələr kimi toplu mühitdən insana keçir.

Həşəratlar nə vaxt fəallaşır?

Milçəklər və qarışqalar yaz fəslində fəallaşırlar. İstilik artdıqca ağcaqanadlar daha fəallaşır. Tarakanlar isə nəmişlik, qida və su mənbəyi olan hər yerdə, hər zaman yığıla bilərlər. Şkafların arxasında, kanalizasiya borularının üstündə, künclərdə yığışırlar. Zibillik, natəmizlik olan yerlərdə çox görünürlər.

Nəm böcəkləri isə nəmişlik olan yerlərdə, əsasən hamamda trapda, vannaların altında, paltarların, kağızların arasında, evin künclərində yığışırlar. Yağıntılı, soyuq mövsümdə daha çox görünürlər.

Evdəki həşəratların zərərləri

Milçəklər təhlükəli infeksion xəstəliklərin yayıcılarıdır. Onlar zibilliyə, kanalizasiya qurğularına, ölmüş heyvanların, həşəratların üzərinə qonduqdan sonra qidaların üzərinə qonurlar. Beləliklə də ayaqlarına, qanadlarına yapışmış infeksiyaların insanlara yoluxmasına səbəb olurlar. Onlar sətəlcəm, mədə-bağırsaq və s. kimi yüzlərlə xəstəliklərin yayıcılarıdır.

Sürətlə artan tarakanlar yüzlərlə mikrobların yayılmasında böyük rol oynayır. Əsasən viruslu hepatit xəstəliklərini yayır.

Qarışqalar məhsulları yeyərək zay edirlər, eyni zamanda da  xəstəlik törədiciləridir.

Nəm böcəkləri həm kağızı yeyib zay edirlər, həm də xəstəlik yayıcılarıdır.

Baş biti insanlarda pedikulyoz (bitə yoluxma) və çoxlu qan sormaqla anemiya (qan azlığı) xəstəliyinin səbəbkarıdır. Bədən biti tif xəstəliyinə səbəb olur.

Həşəratlar xəstəlikləri necə yayır? Bir insanın qanını sorduqdan sonra, başqasını dişləyirlər. Beləcə xəstəlik yoluxdururlar.

Birələr çox təhlükəli həşəratlardır. Çünki, onlar atlanaraq heyvanın üstündən insanın üzərinə keçir. Heyvanın qanını soran birə, insanı da dişləyərək xəstəliyi bir-birinə ötürür. Güclü sıçrayış qabiliyyətinə malik olduğu üçün onları tutmaq olmur. Birə varsa, deməli həmin məkanda pişik, siçan var. Əsasən də evə ev heyvanlarının üzərində gəlirlər. Birələr əsasən qoturluq xəstəliyini törədirlər.

Ağcaqanadlar malyariya, “Ku” qızdırmasnın yayılmasının əsas səbəbkarlarıdır.

Taxtabiti insanı dişləyərək qızartı və şiddətli qaşınma yaradırlar. Onlar mebellərə çox böyük zərər vururlar. Taxtanın içərisini yeyərək deşiklər açır. Əsasən də gecələr xırt-xırt səsləri gəlir. Onların həm səsi narahat edir, həm də mebelləri yararsız hala salırlar. Təzə mebeli xarab edə bilirlər.

Həşəratlarla mübarizə

Həşəratlara qarşı profilaktik tədbirlər onların gəlmə yerlərini aşkarlamaq və bağlamaqla başlayır. Evdəki yırtıqları təmir etmək, əhəngləmək lazımdır.

Milçəyin, ağcaqanadın evə  daxil olmasının qarşısını almaq üçün qapı, pəncərəni açıq qoymayın. Havalandıranda torlardan istifadə etmək lazımdır. Milçəkləri tutmaq üçün yapışqanlar var. Onlardan da istifadə etmək olar. Əgər bir ailədə qoturluq xəstəliyi varsa, xəstənin müalicəsindən əlavə, yayıcıları aradan götürmək lazımdır. Pişik oradan təcrid olunmalıdır. Gəmiricilər varsa, məhv edilməlidir. Evdə dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirləri aparılmalıdır. Yəni müalicə kompleks aparılmalıdır ki, birələri məhv etmək mümkün olsun. Biri edilib, digəri qalarsa, faydası olmur.

Bitlənmə varsa, yoluxmuş şəxslərin müalicəsi ilə paralel olaraq evin hər tərəfində dezinseksiya tədbirləri aparılmalıdır. Yumşaq mebellər, xalçalar tozsoranla təmizlənməlidir. Paltarlar, yataq dəstləri, şəxsi əşyalar isti su ilə yuyulmalıdır.

Related Blog