Qış mövsümündə dəm qazından zəhərlənmə halları artır. Səbəb nədir?
Necə olur ki, insan dəm qazından zəhərlənir?
Dəm qazı ilə zəhərlənmənin patogenetik səbəbi odur ki, təbii qaz tam yanmır, natamam yanma məhsulları, xüsusən karbon qazı, dəm qazı əmələ gəlir. Bununla da bizim qanımızda olan qırmızı qan – hemoqlabinlə dəm qazı birləşib oksihemoqlabin əvəzinə, karboksihemoqlabin əmələ gətirir. Bu zaman oksigen daşıyıcı olmadığına görə bədəndə, beyində, toxumalarda, hüceyrələrdə kəskin hipoksiya baş verir və qısa müddətdə insan huşunu itirir, ağır zəhərlənmə baş verir.
Təhlükəsizlik qaydalarına əməl olunmadıqda bu faciələr baş verir. Qaz cihazları vaxtında yoxlanmadıqda, tüstü bacaları təmizlənmədikdə orada tutulmalar olur, yaxşı hava çəkmir. Kifayət qədər oksigen təminatı olmur. Qaz natamam şəkildə yanır. Dəm qazı əmələ gəlir.
Eyni zamanda hamam otaqlarının kub metrləri normaya uyğun olmalıdır. Xüsusi ventilyasiya yerləri olmalıdır ki, oksigenin gəlməsi təmin olunsun.
Zəhərlənmənin neçə müddətə baş verməsi dəm qazının qatılığından asılıdır.
Dəm qazının qoxusu yoxdur. Bəzən zəhərlənən insanlar özlərindəki dəyişikliyi hiss etsələr də hamamlanmanı bitirib sonra bayıra çıxmaq istəyirlər, ancaq təəssüf ki, artıq gec olur.
Dəm qazından zəhərlənmənin əlamətləri
Dəm qazının qoxusu olmadığı üçün ondan zəhərlənməni necə bilmək olar?
Ürəkbulanma, qusma, baş ağrısı, baş gicəllənmə halları varsa, deməli zəhərlənmisiniz. Bu əlamətlərdən bir neçə saniyə sonra komaya düşə bilərsiniz.
Zəhərlənəndə nə etməli ?
Əlamətlər hiss olunan andaca həmin məkanı tərk edib dərhal təmiz havaya çıxmaq lazımdır. Bütün qaz cihazları dərhal söndürülməlidir.
İlkin yardım
Hamam otağında olan insanın tez-tez halını soruşmaq lazımdır. Səslədikdə cavab gəlmirsə, içəri girin. Ancaq öz təhlükəsizliyinizə də diqqət etməlisiniz. Əgər dəm qazının qatılığı çoxdursa, siz də zəhərlənə bilərsiniz. Dərhal bütün qaz cihazları söndürülməli, xəstə oradan çıxarılmalıdır. Ağız boşluğunun, tənəffüs yollarının keçiriciliyi təmin edilməlidir. Çünki zəhərlənmənin əlamətlərindən olan qusma baş verə bilər. Bu zaman xəstə boğula bilər. Tənəffüs yolları təmizləndikdən sonra bütün pəncərələr açılmalıdır ki, xəstə təmiz oksigenlə təmin olunsun.
Qalıcı fəsadlar
Dəm qazı ilə ağır zəhərlənmiş xəstə hətta bir neçə dəqiqədən sonra ayıla bilər. Yaxşı olduğunu bildirər və yardım olunmasından imtina edə bilər. Təəssüf ki, bu belə deyil. Zəhərlənmə 2 mərhələlidir, ilkin qan zəhərlənməsidir. Sonra isə zəhərlənmə hüceyrə səviyyəsinə keçir və artıq toxuma hipoksiyası baş verir. Ondan sonra çox ağır fəsadlar olur. İnsan huşunu, yaddaşını, görmə və eşitmə qabiliyyətini itirə bilər. Bu simptomlar davamlı, qalıcı fəsad kimi qala bilər. Ona görə hətta qısa müddətli huşunu itirməli olsa da xəstəyə həkim baxmalıdır. Lazımi müayinələr edilməlidir. Qan yoxlanılmalıdır ki, neçə faiz karboksihemoqlabin var. Ondan sonra xəstəxana şəraitində ona yardım olunmalıdır.
Müalicə
Ən effektiv müalicə hiperbarik oksigen müalicəsidir. Yəni 100 faiz təmiz oksigen yüksək təzyiqlə xəstəyə verilir. Xəstənin bədəni həm qanda, həm də toxumada olan zəhərdən azad olur, fəsad qalma ehtimalı daha da azalır. Əgər hiperbarik oksigen yoxdursa, adi balon, maska ilə ağız və burunla oksigen verilir. Qanda olan karboksihemoqlabin təmizlənir.
Profilaktik tədbirlər
Dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün qaz cihazlarına nəzarət etmək lazımdır. Tüstü bacaları vaxtaşırı mütəxəssislər tərəfindən təmizlənməlidir. Havalandırma sistemlərinə nəzarət olunmalıdır ki, oksigenin gəlməsi təmin edilsin.
Evdəki qaz cihazlarına dəm qazı dedektoru qoşulmalıdır. Bu cihaz dəm qazının konsentrasiyası normadan çox olduqda, yüksək səs çıxarır və insanı ölümdən xilas edir.