Yaz allergiyası

Bitki tozu (yaz) allergiyası -Nələri bilməliyik?

El arasında yaz allergiyası kimi tanınan xəstəlik bitkilərin çiçəklənməsinə qarşı həssas olan allergik rinitdir. Tozlanma nəticəsində bitkilərdən havaya yayılan toz hissəcikləri ağız, burun, gözlər vasitəsilə qəbul edilərək xəstəliyə səbəb olur. Ağacların allergik insanlara təsiri fevraldan may ayına, otların maydan iyuna, alaq otlarının isə yazın ortalarından payıza qədərdir.

Bitkilərin tozlanması daha çox yaz fəslində olduğu üçün allergik rinitin ən çox yayılma, üzə çıxma dövrü bu mövsümdür. Yaz fəslində tozlanan bitkilərə, tez tozlanan ağaclar, otlar aiddir. Ağaclardan sərv və sərvkimilər, fındıq, zeytun, qızılağac, qovaq, bitkilərdən isə çəmən otları, yovşan, yulaf, çovdar allergiyaya səbəb olur. Taxıl bitkilərinin tozlanmasına qarşı allergik riniti və digər xəstəlikləri olan insanlarda əlamətlər həmin bitkinin tozlanma dövründə, yəni iyun, iyul, avqust aylarında üzə çıxır. Yaxud da ambroziya bitkisi payız aylarında tozlandığı üçün onun əlamətləri həmin fəsildə özünü göstərir.

Bitki tozu yaz allergiyasının əlamətləri

Burunda tutulma, şəffaf suyun gəlməsi, çoxsaylı asqırma tutmaları, gözlərdə, burunda, qulaqda və boğazda qaşınma, gözlərdə sulanma, sancma, yanma, şişlik və qızartı allergik rinitin əlamətləridir. Ağırlaşmış hallarda isə öskürək, boğulma kimi problemlər müşahidə edilə bilər. Eyni zamanda uşaqlarda dərsə davamiyyətin, böyüklərdə yuxunun, iş, əmək qabiliyyətinin pozulması və s. müşahidə olunur. Xəstəliyin əlamətləri 4 həftədən çox davam etdikdə artıq o, il boyu davam edən allergik rinit kimi qiymətləndirilir.

Xroniki xəstəlikdir

Bitki tozu allergiyası xroniki xəstəlikdir. Birdəfəlik müalicəsi yoxdur. Demək olar ki, ömrü boyu davam edir və allergiyaya səbəb olan  bitkilərin hər il tozlanma vaxtı xəstəlik və onun əlamətləri üzə çıxır.

İrsi xəstəlikdir

Burada irsiyyət faktoru da önəmli rol oynayır. Ailədə valideynlərdən hər hansı birində allergik xəstəlik varsa, sizin də olma riskiniz yüksəkdir. Buna görə də ehtiyatlı olmaq lazımdır. Xəstəliyin xroniki hala keçməsinə imkan verilməməlidir.

Xəstəliyin diqanozu necə qoyulur?

Yaz allergiyasının diaqnozu aşağıdakı müayinələrlə təyin olunur:

Qanın ümumi analizi;

CRP qan analizi. İltihabi dəyişikliklərin olub-olmadığını təyin etmək üçündür;

İmmunoqlabin E. Ümumi bir allergiya haqqında fikir formalaşdırmaq və digər xəstəliklərlə diferensiasiya etmək üçün lazımdır.

Prik-test. Müasir dövrdə ən ideal müayinə metodu olan dəri testidir.

Xəstəliyin müalicəsi

Allergik xəstəliklər, xüsusilə də allergik rinit çox geniş yayılıb. Lakin buna baxmayaraq xəstələrin çoxu demək olar ki, həkimə müraciət etmirlər. Yaxud da gec edirlər. Daha çox özlərinə yardım etməyə çalışırlar. Aptekdən və yaxud da hansısa bir insanın verdiyi məsləhət əsasında dərmanlar istifadə edirlər və son nəticədə bu allergik xəstəliklər daha ağırlaşmış formaya, yəni bronxlarda allergik astmaya, gözlərdə konyuktivitə səbəb olur. Allergiyası olan insanların yüzdə 50-də astma baş verə bilər. Ona görə də fərdin özünə yardım etməsi məsləhət görülmür. Heç olmasa mövsümdə 1 dəfə həkim kontrolunda olmaq vacibdir. Həkimlər tövsiyə edir ki, pasiyentin hansı bitkiyə allergiyası varsa, həmin bitkinin tozlanma vaxtından 2-4 həftə əvvəl müalicə kursu keçməlidir.

Hansı tədbirlər görülməlidir?

Tozcuqların sayı soyuq yağışlı günlərdə az, isti və quru havalarda, xüsusən də günün ilk saatlarında yüksək olur. Xəstələr bayıra çıxanda bunları nəzərə almalıdırlar. Yaxşı olar ki, tozcuqların bol olduğu havada maska və eynəkdən istifadə etsinlər. Çöldən evə gələndə əl-üz yuyulmalı, paltar dəyişdirilərək yuyulmalı, mümkünsə duş qəbul edilməlidir. Tozlanma mövsümündə paltarların qapalı yerdə qurudulması tövsiyə edilir. Çünki tozcuqlar paltarlara yapışa bilər. Tozlanma mövsümündə səhər saatlarında evi havalandırmaq tövsiyə edilmir. Bunu günorta və günortadan sonra edə bilərsiniz.

Related Blog