Açıq əllə toxunmaq olmaz
Çünki onların 15 faizi infeksion xəstəliklər və radioaktiv təhlükələr törədir
Milli Məclisdə “Tibbi tullantıların idarə edilməsi” müzakirə ediləcək.
Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün İş Planında bununla bağlı dinləmə keçirilməsi daxil edilib.
Qeyd edək ki, tibbi tullantılar çirklənmiş materiallardır. İnsan və ya heyvanların hissələri, bədən mayeləri də daxil olmaqla virus və bakteriyalarla dolu bu materiallar həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu tullantılara açıq əllə toxunmaq olmaz. Onlar adi məişət tullantıları qutusuna atılmamalıdır. Ev şəraitində də tibbi tullantılar varsa, yaxınlıqdakı tibb müəssisələrinə təhvil verilməlidir.
Tibbi tullantıların utilizasiyası ilə bağlı “Sherg.az”a açıqlama verən
“Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin direktoru Fuad Həsənzadə deyib ki, tibbi tullantıların idarə edilməsi tibb müəssisələrindən çıxan hər cür məişət, tibbi və təhlükəli tullantıların istehsal edildiyi yerlərdə ayrıca toplanması, daşınması, müvəqqəti saxlanması və utilizasiyası kimi prosesləri əhatə edir. Tibbi tullantılar onların utilizasiyadan əvvəl toplanması, saxlanması üçün nəzərdə tutulan və təhlükəsiz mühit yaradan xüsusi zibil qutularına atılır:
“İnsanların sağlamlığı və ekoloji vəziyyətin yaxşılaşdırılması dövlətin prioritet məsələlərindən biridir. Tibbi tullantıların idarə olunmasının sistemli şəkildə həyata keçirilməsi də vacib məsələlərdəndir. Paytaxt Bakıda və ölkəmizin regionlarında dövlət xəstəxanaları ilə yanaşı özəl klinikalar da fəaliyyət göstərir. Müasir klinikalarda tibb personalının pasiyentlərə keyfiyyətli xidmət göstərməsi üçün hər cür şərait yaradılıb. Bu xidmətin tərkib hissələrindən biri də tibbi tulantıların idarə olunmasıdır, eyni zamanda bunun yüksək səviyyədə icrası klinikanın nüfuzunun artmasına, həmçinin güclü rəqabətə davamlılığına töhfə olar.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, tibbi tullantıların 15 faizi infeksion xəstəliklər və radioaktiv təhlükələr törədir. 1 qram tullantıda 0.1-1 milyard mikrob, tibb müəssisələrində isə 1 qram tullantıda 200-300 milyard mikrob olur. İnkişaf etmiş ölkələrin tibb müəssisələrində tullantı 1 çarpayı üçün 2.5 kq, inkişaf etməkdə olan ölkələrin tibb müəssisələrində isə 1.8- 2 kq təşkil edir. Məhz bu səbəbdən tibbi tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi insanların sağlamlığı üçün həyati vacib amildir. Bildiyimiz kimi, tibbi xidmət kafi olmadıqda spid, Hepatit B və C xəstəliklərinin yaranmasına səbəb olur.
İsveçin Göteborq Universitetinin professoru Joakim Larsson Hindistanın bəzi xəstəxanalarının, əczaçılıq müəssisələrinin tibbi tullantılarının emal edilmədən axıdılan Qodavari çayından su nümunəsi götürüb və tədqiqat zamanı supermikrobun yarandığını nəticəsinə gəlib. Həmin supermikrobu məhv edə biləcək dərman vasitəsinin elmə məlum olmadığını və bəşəriyyətin yeni təhlükə qarşısında qaldığını bəyan edib.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş tibbi tullantıların idarə edilməsi haqqında beynəlxalq sənəd 1992-ci ildən qüvvədədir.
Türk dövlətləri təşkilatının nümayəndələri ilə birlikdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və BMT-in Baş katibi Antonio Quterreş Səmərqənddə keçirilən 11 noyabr 2022-ci il tarixli IX zirvə görüşündə “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” qəbul ediblər”.
F.Həsənzadənin sözlərinə görə, “Tibbi tullantıların idarə olunması xüsusi əhəmiyyətli olduğuna görə Nazirlər Kabineti 28 dekabr 2007-ci il tarixdə “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında 213 nömrəli qərar qəbul edilib. Həmin qərarda qeyd olunub ki, A sinfi kateqoriyasında yoluxucu xəstəliklər xəstəxanaları istisna olmaqla, digər klinikalarda pasiyentlərin bioloji mayeləri ilə təmasda olmayan, eləcə də qeyri-toksiki tullantılar, qida tullantıları, mebel, inventar, tərkibində toksik elementlər olmayan və işləməyən diaqnostika avadanlıqları, yoluxmamış kağız, süpürüntü, tikinti nəzərdə tutulur.
B sinfi kateqoriyası ilə bağlı bildirmək istəyirəm ki, potensial yoluxucu xəstələrlə təmasda olan tullantılar, ifrazat, qanla çirklənən materiallar, alətlər patoloqoanatomik tullantılar, xəstələrin üzvi (bədən üzvləri, toxumalar və s.) cərrahiyyə tullantıları, yoluxucu xəstəliklər şöbələrinin tullantıları, qida qalıqları, 3-cü və 4-cü qrup patogen mikroorqanizmlərlə işləyən mikrobioloji laboratoriyaların tullantıları, vivarilərin bioloji tullantıları qeyd edilir. İçərisində bölmələrin B sinfinə aid tullantılar dezinfeksiya edildikdən sonra onlar birdəfəlik tutumlar (sərt tutumlar, paketlər) “Təhlükəli tullantılar B sinfi” yazısı ilə bərabər, müalicə-profilaktika müəssisələrinin bölməsinin adı, müəssisəsinin adı, tarix və tullantıların yığılmasına cavabdeh şəxsin soyadı göstərilməklə nişanlanır, sarı rəngli yumşaq hermetik paketin ¾ hissəsinə qədər doldurulur və onun içərisindəki hava çıxarıldıqdan sonra kip bağlanılır. Tibbi tullantıların toplanması və paketə qablaşdırılması zamanı rezin əlcəkdən və respiratordan istifadə edilməlidir.
Daha sonra C sinfi kateqoriyasına xüsusi təhlükəli yoluxucu xəstələrin təmasda olduğu materiallar, 1-4-cü qrup patogen mikroorqanizmlərlə işləyən laboratoriyaların tullantıları, vərəm əleyhinə və dəri-zöhrəvi xəstəxanaların (şöbələrin) tullantıları aiddir. Həmçinin C sinfinə aid tibbi tullantılar dezinfeksiya edildikdən sonra üzərində böyük şriftlə C hərfi yazılan birdəfəlik qırmızı rəngli yumşaq hermetik paketin ¾ hissəsinə qədər doldurulur və onun içərisindəki hava çıxarıldıqdan sonra kip bağlanılır. Tibbi tullantıların toplanması və paketə qablaşdırılması zamanı rezin əlcəkdən və respiratordan istifadə edilməlidir.
D sinfi kateqoriyasında isə vaxtı keçmiş dərman preparatları, dərman və diaqnostik preparatların tullantıları, yararlılıq müddəti bitmiş istifadəyə yararsız dezinfeksiya vasitələri, sitostatiklər və digər kimyəvi preparatlar, tərkibində civə olan əşya, cihaz və avadanlıqlar qeyd edilmişdir. Bu sinifdən olan hər bir növ tullantıların toksiklik dərəcəsi metodik təlimatlara uyğun olaraq aparılır. İstifadə olunmuş lüminessent lampalar, tərkibində civə olan cihazlar və avadanlıqlar qapalı hermetik tutumlara sındırılmadan yığılır, tutum dolduqdan sonra hermetikləşdirilir və yardımçı otaqlarda saxlanılır. 2-3-cü sinif toksikliyə aid D sinif tullantıları toksiki sənaye tullantılarının təsnifatına uyğun olaraq üzərinə böyük şriftlə D hərfi yazılmış sərt və 4-cü sinif D sinif tullantlar isə yumşaq qablara qablaşdırılır”.
“Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin direktoru onu da qeyd edib ki, Nazirlər Kabinetinin 213 nömrəli qərarının 8-ci maddəsinə əsasən, tibbi tullantıların müvəqqəti saxlanılması üçün xüsusi otaq ayrılmalı, otağın yeri keramik plitələrlə döşənməli, divarlar tavana qədər kafellə örtülməli, tavan rütubətədavamlı rənglə boyanmalı, otaqda əlüzyuyan, axar su kranı, bakterisid lampa, kanalizasiya və ventilyasiya sistemləri quraşdırılmalıdır: “Sanitariya Epidemioloji Xidmətlər” MMC 2017- ci ildən ölkədə mülkiyyət formasından asılı olmayaraq bütün idarə, təşkilat və müəssisələrdə sanitar-epidemioloji normaların qorunmasında fəal iştirak etməklə kifayət qədər təcrübə toplamış işçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün keçirilən müxtəlif təlimlərdə iştiraklarını təmin edir. Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı fəaliyyətə başladığı andan uğurla işləyir.
“Sanitariya Epidemioloji Xidmətlər” MMC-ə ölkədə sanitar-epidemioloji normaların qorunmasında uğurlu fəaliyyətinin davamı kimi İqtisadiyyat Nazirliyi tərəfindən təhlükəli tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsinə dair 29 aprel 2022-ci il tarixdə lisenziya verilib. Bununla bağlı şirkətin işçisi Fövqəladə Hallar Nazirliyində tibbi tullantıların daşınması üzrə xüsusi kursda təlim keçib, sertifikat alıb, habelə bu məqsədlə xüsusi avadanlıqlarla təchiz olunub, avtomobil Daxili İşlər Nazirliyinin Texniki Baxış Mərkəzindən texniki baxışdan keçib və xüsusi nişanlar təqdim olunub.
Sanitariya Epidemioloji Xidmətlər” MMC tərəfindən 12 dekabr 2022-ci il tarixdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Tibbi tullantıların idarə olunması” mövzusunda seminar keçirildi. Seminarda aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri, Azərbaycan Tibb Universitetinin, Akademik A.Qarayev adına Fiziologiya İnstitutunun alim və professor heyəti, klinikaların cavabdeh şəxsləri, media və mətbuat orqanlarının təmsilçiləri iştirak edib. Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli qərarının təkmilləşdirilməsi məqsədilə seminarda səslənən təkliflər tərəfimizdən ümumiləşdirilib, akademik A.Qarayev adına Fiziologiya İnstitutundan alınmış rəylə birlikdə ali və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib. “Sanitariya Epidemioloji Xidmətlər” MMC UNICEF Azərbaycan tərəfindən 2 mart 2023-cü il tarixdə keçirilən “Tibbi tullantıların idarə olunması” təliminə bu sahə üzrə fəaliyyət göstərən qurumlar arasında dəvət olunan yeganə iştirakçı olub.
Bununla yanaşı qeyd etmək lazımdır ki, şirkətin nümayəndələri tərəfindən tibbi tullantıların idarə olunması ilə bağlı mövcud normativ hüquqi aktların tələblərinə riayət olunması ilə əlaqədar klinikalarda təlimlər keçirilir”. Bu məsələlərlə bağlı məlumatı Sanitariya.az şirkətinin rəhbəri Fuad Həsənzadə sherg.az müsahibəsi zamanı qeyd edib. Sanitariya.az bu məlumatı Sherg.az istinadən təqdim etdi.