Bu barədə Sanitariya.az-a müsahibəsində uzman pediatr Kənan Qarayev açıqlama verib. O bildirib ki, məktəb mövsümü başlayandan bəri uşaqlar arasında yuxarı və aşağı nəfəs yollarının xəstəliklərinə daha çox rast gəlinir: ”Biz ilk öncə qrip və qripəbənzər xəstəlikləri nəzərdə tuta bilərik. Təbii ki, qripin törədicisi 90 və 99 faiz hallarda viruslardır və viruslar uşaqlarda ilk olaraq yuxarı nəfəs yollarından başlayaraq aşağı nəfəs yollarında öz əlamətlərini göstərə bilir”.
Ekspert qeyd edib ki, tədris müəssisələrində xəstəliklərin yayılmasının səbəbi uşaqlar arasında sıx ünsiyyətin olmasıdır: “Bir uşaq xəstə olan zamanda digəri ilə kontakt problemlərini kəsmək çox çətin olur. O baxımdan da həm havasız otaqda, həm də uşaqlar arasında ünsiyyətin sıx olması fonunda və qrip də hava damcı yolu ilə yayıldığı üçün qısa zamanda, bir neçə gün ərzində bir uşaqda olan qrip və yaxud da qripəbənzər xəstəliklər digər uşaqlara yayıla bilir. Onları kollektivdən uzaqlaşdırmaq lazımdır”.
Həkim bildirib ki, allergik tipli uşaqlar bu xəstəlikləri daha ağır keçirir: “Bəzən allergik tipli uşaqlarda qrip öz fəsadlarını verə bilir ki, bu zaman quru və ya bəlğəmli, yaxud da quru – boğucu öskürəklər, nəfəs darlıqları müşahidə oluna bilir. Allergik uşaqlarda bu simptomları daha çox görə bilirik. Və yaxud da bir qrup uşaqlar var ki, daha tez-tez xəstələnənlərə aiddir ki, onlar da mövsüm dəyişən zaman, virusların aktivləşdiyi, məktəbə başladıqları bir dövrdə daha tez-tez xəstələnə bilirlər. Valideynlər söyləyirlər ki, uşağım hər ayın o başı, bu başı da xəstələnir.
Tədris müəssisələrində həzm sistemi xəstəlikləri
Həzm sistemi xəstəliklərinin də artdığını vurğulayan K. Qarayev deyir ki, bağça və məktəb yaşlı uşaqlarda bədən hərarətinin yüksəlməsi fonunda ishal və qusma halları da çox müşahidə olunur: “Bu uşaqlarda törədici rotavirus infeksiyasıdır. Bu infeksiya fonunda qusma, ishal olan dönəmlərdə də uşağı mütləq kollektivdən uzaqlaşdırmaq lazımdır. Uzaqlaşdırdıqdan sonra da bədən hərarəti yüksələrsə, temperatur salıcı dərmanlar istifadə etmək, qusma, ishal halları varsa, mütləq stasionar şəraitdə venadaxili müdaxilələr və yaxud da qusma yoxdursa, ishal varsa, virus əleyhinə preparatlardan istifadə edərək vəziyyəti kontrolda saxlamaq lazımdır”.
Profilaktik tədbirlərin önəmini vurğulayan ekspert tədris otaqlarının havalandırılmasını və dezinfeksiyaedici işlərin həyata keçirilməsini tövsiyə edir: “Dərsin sonunda və yaxud da başlamadan öncə mütləq dərs otaqları havalandırılmalı və dezinfeksiyaedici məhlullardan istifadə olunmalıdır. Bunlar qoxusuz və ətirsiz olmalıdır. Çünki bəzi uşaqlarda allergik fonlar yarada bilirlər. Bu baxımdan da bütün səthlərdə dezinfeksiyaedici məhlullardan istifadə olunmalıdır”.
Həkim tədris müəssisələrində dezinfeksiyaedici işlərin hər gün aparılmalı olduğunu qeyd edib: “Həftənin hər günü dərs sonu və yaxud başlamadan öncə mütləq bunu etmək lazımdır. Çünki bəzən ayda bir dəfə, iki həftədə bir dəfə edirlər, bunun faydası yoxdur”.
Sanitariya şirkəti olaraq 5 ildən artıqdır bu sahədə professional şəkildə fəaliyyət göstəririk. Dezinfeksiya xidməti və prosedur barədə keçid edib daha ətraflı baxa bilərsiniz.