Göy öskürəklə mübarizə

Son vaxtlar uşaqlar arasında təhlükəli göy öskürək  yayılıb. Göy öskürək nədir? Bu hava-damcı yolu ilə yoluxan, kəskin infeksion xəstəlikdir. “Bordetella pertussis” adlanan mikrob tərəfindən törədilir. Yüksək yoluxuculuq qabiliyyətinə malikdir. Xəstə insan öskürdüyü, asqırdığı zaman ağız suyu vasitəsilə ətrafa mikroblar yayılır. Bu da sağlam insanları yoluxdura bilir. Xəstəliyin ilk 1 – 2 həftə ərzində yoluxuculuq qabiliyyəti yüksəkdir. Əsasən kiçik yaşlı uşaqlar arasında daha çox yayılır. Uşağın yaşı nə qədər azdırsa, xəstəlik bir o qədər ağır müşahidə edilir. Böyük uşaqlarda zəif gedişatlıdır. 1 yaşına qədər uşaqlar risk qrupuna daha çox aiddir.

Göy öskürəyin əlamətləri

Göy öskürəyin öz əlamətləri var ki, bu da onu digər öskürəklərdən fərqləndirməyə kömək edir. Əlamətləri bunlardır: quru, boğucu, spazmatik, fitverici səslə müşahidə olunan öskürək, rəngin qızarması, göyərməsi və qusma ilə sonlanır. İlk əvvəl burun axması və yaxud tıxanıqlığı, asqırmaq, boğaz ağrısı kimi əlamətlərlə başlaya bilir. Göy öskürək bədən temperaturunun yüksəlməsinə də səbəb ola bilir. Öskürək səbəbindən üz şişir. Gözlərdə konyuktivit, dildə yaralar müşahidə oluna bilir. Öskürək tutmaları gecələr daha da artır. Xəstəlikdən sonra ömürlük qala bilən immunitet yaranır.

Göy öskürəyin ağırlaşmaları, ölüm halları

Ağırlaşmalar əsasən kiçik, xüsusilə də 1 yaşa qədər uşaqlarda daha çox müşahidə olunur. Ağırlaşmalara bədən hərarətinin yüksəlməsi, istahsızlıq, halsızlıq, çəki itkisi, orta qulaq iltihabı, pnevmoniya (sətəlcəm) aiddir. Bundan əlavə, öskürək tutmaları nəticəsində gözə və beynə qansızma, sidikqaçırma, yırtıqlar, hətta qabırğa sınıqları ola bilər. Düz bağırsaq sallanmaları, böyrək problemlərinə də rast gəlinir.  Öskürək zamanı boğulma, tənəffüs dayanması ola bilər. Bu zaman oksigen çatışmazlığı səbəbindən qıcolma, hətta ölüm halları da yarana bilər.

Xəstəliyin profilaktikası və müalicəsi

Göy öskürəyin tam sağalma müddəti 3 – 5 həftədir. 8 – 12 həftəyə qədər də uzana bilir. Xəstəlik yeni başlayan dönəmdə antibiotiklərlə müalicə edilə bilir. Ağırlaşma dövründə isə antibiotiklər təsir etməyə bilər. Xəstə həkim nəzarətində müalicə almalıdır. El arasında belə bir fikir formalaşıb ki, at, eşşək südü içmək göy öskürəyin müalicəsində effektivdir. Həkimlər isə bu fikrin yanlış olduğunu bildirirlər.

Xəstəliyin inkubasiya dövrü, yəni ilk 2 həftə ərzində xəstə mütləq təcrid olunmalıdır. Sağlam uşaqların arasına buraxılmamalıdır.

Xəstəyə bol oksigen lazımdır. Olduğu mühit yaxşı havalandırılmalıdır. Optimal otaq temperaturu 19 – 22 dərəcə arası olmalıdır. 10 dərəcədən aşağı olmayan temperaturda açıq havada gəzmək tövsiyə edilir. Xəstənin olduğu mühit antiseptik məhlullarla dezinfeksiya olunmalıdır ki, sağlam insanlar yoluxmasın. Belə yoluxmuş ərazilərin dezinfeskiyası çox vacib məsələdir.

Göy öskürəyə qarşı peyvəndləmə

Mütəxəssislər göy öskürəyə yoluxmamaq üçün, xəstəlikdən yeganə qorunma yolu kimi peyvəndləməni tövsiyə edirlər. Uşaqlar göy öskürək əleyhinə mərhələli şəkildə peyvənd olunurlar. İlk peyvəndləmə 1 yaşa qədər körpələrdə, həyatının ikinci, dördüncü, altıncı aylarında olmaqla 3 dozda aparılır. 1 – 2 yaş arasında bir doz peyvənd olunur. Növbəti bir doz peyvənd də 4 – 6 yaş arasında tətbiq edilir. Hətta peyvənd olunmayan uşaqlar da sonradan gecikmiş peyvənlərini ala bilərlər. Peyvəndlər uşaqları yoluxmadan qoruyur. Sonra uşaq yoluxsa da, ağır deyil, daha yüngül simptomlarla keçirir.

Göy öskürək dönəmində qida pəhrizi

Göy öskürəyi qıcıqlandıran bəzi qidalar var ki, xəstəlik dönəmində qəbul edilməsi məsləhət görülmür. Əsas da  allergik uşaqlarda bu daha çox özünü göstərə bilir. Buraya şəkərli qidalar, şokolad, paketləşdirilmiş qidalar, eləcə də şirin çay, şirin su və s. aiddir. Bütün bunlar nəfəs yollarının qıcıqlanmasına, öskürəyin daha da artmasına səbəb olur.

Related Blog