Ev-tozu-genesine-qarsi-mubarize

Ev tozu gənəsinə qarşı allergiya -Necə sağalaq?

Ev tozu gənəsi nədir?

Bizə adi görünən tozun tərkibi əslində çox mürəkkəbdir. Onun tərkibində ev tozu gənəsinin ifrazatı, toz hissəcikləri, göbələklər olur. Əgər evdə heyvan (quş, it, pişik) saxlanılırsa, onların da tozları toplanır. Bunların içərisində ən çox zərərli olan ev tozu gənəsidir. O, mikroskopik heyvandır, gənənin bir formasıdır. Dünyanın hər yerində yayılıb. İnsan yaşayan hər yerdə onlar da yayılır. Onların kökünü kəsmək demək olar ki, mümkün deyil. İnsanın soyulub tökülən dərisi və yunla  qidalanırlar. Ən çox yataq otağında, yorğan, döşək, yastıq, xalça və pərdədə toplaşırlar.

Ev tozu gənələri isti və nəm yerdə balalayıb çoxalır. Yaz və payız fəslində daha da artır. Çünki yazda yağış yağır, isti olur, buxarlanır. Payızda isə hava soyuq olduğu üçün qapı-pəncərə bağlanır, isidici vasitələrdən istifadə olunur. Hər yer bağlı olduğu üçün nəfəs alıb verdikcə evdə buxar, nəmişlik yaranır. Ona görə də ev tozu gənələrinin balaları artır.

Ev tozu gənəsinə qarşı allergiyanın əlamətləri

Ev tozu gənəsinə qarşı allergiya başqa tozlara qarşı allergiyanı da artıra bilir. Xəstəlik ilk olaraq yaz fəslində başlayır. Sonra payızda da olur. Sonra yazdan payıza qədər, daha sonra bütün il boyu davam edir. Burunun və gözlərin qıcıqlanması, axması, çoxsaylı asqırma və s. xəstəliyin əlamətləridir. Allergiyanın bütün növləri kimi ağırlaşmaları astma ola bilər.


Niyə insanlar bu xəstəliyə məruz qalır?

Dünyanın hər yerində ev tozu gənələri var. Ancaq niyə bəzi insanlar buna reaksiya verir, bəziləri isə allergiyaya məruz qalmır, bu hələ elmə dəqiq məlum deyil. El arasında belə bir yanlış fikir var ki, insanda immunitet zəif olduğu üçün allergik xəstəlik baş qaldırır. Ancaq tam əksinə, allergik xəstəliklər immunitetin normadan artıq və təhrif olunmuş formasıdır və şəxsin orqanizminə zərər vurur.

Allergik xəstəliklər irsidir

Xəstəliyin əmələ gəlməsində genetik faktorun rolu təbabətdə təsdiqini tapıb. Xəstəlik əsasən ana xətti ilə ötürülür. Anadan daha çox qız uşaqları və nisbətən kiçik övladlara ötürülür. İkinci, üçüncü uşaqlarda daha çox rast gəlinir. Atalardan da övladlara allergiya ötürülə bilir. Ancaq atalardan övladlara ötürülmə riski, analara nisbətən iki dəfə azdır. Hər iki valideynlərdə allergiya olduğu halda övladlarda bu xəstəliyin olma ehtimalı 60 faizdən yüksəkdir.

Müalicə üsulları

Allergiyanın 3 müalicə prinsipi var:

  1. Qorunma qaydası – nəyə qarşı allergiyanın olması aşkarlanır, ondan uzaq durulur.
  2. Medikamentoz – yəni dərmanla müalicə.
  3. İmmunoterapiya – allergiya peyvəndi. Bu uzun müddətlikdir. 3 ildən 5 ilə qədər fərdi qaydada istifadə olunan bir müalicə metodudur. Allergik xəstəliyin gedişatını dəyişən, söndürən, ağırlaşmaların, astmanın qarşısını alan effektiv metoddur.

Qorunma tədbirləri

Ev tozu gənəsinə qarşı allergiyası olan insanlara tövsiyə edilir ki, yun yataqda yatmasınlar. Yun olmayan, əsasən sintetik materiallardan istifadə olunmalıdır. Çünki gənələr onları yeyə bilmir. Yataq otağında xalça istifadə etmək olmaz. Həmçinin otağın pərdəsi birqatlı sintetik material olmalıdır ki, onu yumaq və istifadə etmək daha yaxşı olur. Yorgan, döşək, yastığın üzünü həftədə bir dəfədən gec olmayaraq 65-70 dərəcədən yuxarı temperaturda yumaq lazımdır. Bu zaman gənələr ölür. Yataq otağının pərdəsi isə ayda bir dəfədən gec olmayaraq 60-70 dərəcədən yuxarı temperaturda yuyulmalıdır. Evin nəmişliyinə və temperaturuna diqqət etmək lazımdır. Normal otaq temperaturu qış üçün 21, yayda isə 26 dərəcə hesab olunur.

Allergiyası olan şəxs ev təmizliyi prosesində iştirak etməsə yaxşıdır. Hətta təmizlik bitdikdən 2-3 saat sonra evə daxil olsun. Axşam gün batanda havada olan toz, qaz hissəcikləri aşağı enir. Gün çıxanda isə yuxarı qalxır. Bu səbəblə allergiyası olan insanlara gecə vaxtı və küləkli havada qapı-pəncərəni açmaq məsləhət görülmür. Səhər saat 10-dan sonra havada olan tozlar insan boyundan yuxarı qalxır. İnsana zərəri olmur. Bundan sonra həssas insanlar evi havalandırsalar və özləri bayıra çıxsalar yaxşıdır.

Allergik xəstələr çox tozlu yerlərdə maskalardan istifadə etsələr yaxşıdır.  Tozlu havada geyindikləri paltarı yuyub geyinməlidirlər.

Həm ev tozu, həm də digər gənələrlə mübarizə aparmaq, evlərdən, ofislərdən və digər məkanlardan təmizləmək üçün dezinseksiya xidməti göstərən şirkətlərə müraciət edə bilərsiniz.

Related Blog