Dezinseksiya nədir – Dezinseksiya qapalı və açıq məkanlarda müxtəlif növ zərərverici həşəratların (ağcaqanad, milçək, tarakan, qarışqa, bit, birə, gümüş böcəyi, gənə, qurdlar, yataq böcəkləri, güvələr və.s) məhv edilməsi tədbirləridir.
Zərərverici həşəratlar insanlar (tibbi dezinseksiya) və heyvanlar arasında (baytarlıq dezinseksiyası) yoluxucu xəstəliklərin (malyariya, səpkili və qayıdan yatalaq, gənə borreliozu, ensefalit, zika, bağırsaq infeksiyaları, dizenteriya, qarın yatalağı, astma, dermatit, allergik rinit, sətəlcəm, qan zəhərlənməsi, hepatit C, B, mikobakterioz, qastroenterit, meningit, salmonellyoz, sidik-cinsiyyət infeksiyaları, taun, tif, qızdırma, qarayara, bruselyoz, cüzam və. s) yayılmasında iştirak edir, həmçinin iqtisadiyyata, biznesə, insanların fəaliyyətinə və istirahətinə maneçilik törədir. Kənd təsərrüfatına, bağlara, ağaсlara (kənd təsərrüfatı dezinseksiyası) və odun məmulatlarına ciddi ziyan vurur. Bu baxımdan dezinseksiya yaşayış binalarında, mənzillərdə, kafelər, restoranlar, marketlər, otellər, təhsil və tibb müəssisələrində, bağlarda, istehsal sahələrində və digər məkanlarda aparılır.
Dezinseksiyanın növləri
Məkanda həşəratların yaratdığı mühitdən asılı olaraq dezinseksiya iki növə bölünür: ocaqlı dezinseksiya, profilaktik dezinseksiya.
Ocaqlı dezinseksiya nədir?
Bu növ dezinseksiya həşəratlar səbəbindən yayılan xəstəliklərə qarşı mübarizədir. Xəstəliklərin yayıldığı ocaqlarda həyata keçirilir.
Profilaktik dezinseksiya nədir? Həşəratların çoxalmasının və digər ərazilərə yayılmasının qarşısının alınması məqsədi daşıyır.
Dezinseksiya metodları
Zərərvericilərin məhvi üçün 4 metoddan istifadə edilir: kimyəvi, mexaniki, fiziki və bioloji metod.
Dezinseksiya nədir? – sualına ilkin cavab olaraq kimyəvi dezinseksiya yada düşür. Kimyəvi metod geniş yayılmış əsas metod olaraq kimyəvi maddələr, dərmanlarla həyata keçirilir. Kimyəvi maddələr həşəratları həm uzaqlaşdırır, həm də məhv edir. Zərərvericilərin uzaqlaşdırılması üçün istifadə olunan kimyəvi vasitələr repellentlər (həşəratları kəskin iyi ilə qorxudub uzaqlaşdıran maddə) adlanır.
Kimyəvi maddələr, insektisidlərin (həşəratların məhv edilməsi üçün istifadə edilən dərmanlar) 3 növü olur: təmas insektisidləri (bədənin xarici qatı vasitəsilə orqanizmə nüfuz edən), bağırsaq insektisidləri (ağız vasitəsilə yeyilən) və tənəffüs yollarının zəhərləri (fumiqantlar).
Təmas insektisidləri həşəratın bədəninin xarici səthi, dərisi ilə orqanizminə nüfuz edərək öldürür. Təmas insektisidləri daha çox istifadə edilən vasitədir.
Bağırsaq insektisidlərinihəşəratlar ağız vasitəsilə qəbul edir. Bu maddələr həm ayrılıqda, həm də yemlərə qatılmaqla zərərvericilərə verilir. Həzm orqanlarına daxil olan vasitə həşəratı öldürür. Qarışqalar, milçəklər, tarakanlarla mübarizədə çox effektivdir.
Tənəffüs yollarının zəhəri (fumiqantlar) nəfəs alma zamanı tənəffüs yolları vasitəsilə həşəratların orqanizminə daxil olur və onları zəhərləyir. Bütün növ həşəratların məhv edilməsi üçün effektiv üsuldur.
Mexaniki metod
Bu metod həşəratların uzaqlaşdırılması və məhv edilməsi üsullarından ibarətdir. Həşəratlar daraşdığı canlılardan (insanlar, ev heyvanları) və yoluxmuş məkanlardan yığılır və mexaniki yolla məhv edilir. Məsələn, bitlərdən qurtulmaq üçün saçlar qırxılır. Həmçinin ev tozsoranlanıb təmizlənir, paltarlar isti su ilə yuyulur. Məlumdur ki, həşəratlar qida qalıqları olan yerə cəmləşirlər. Onların uzaqlaşması üçün zibillər vaxtında atılır. Bu da mexaniki metodun bir hissəsidir. Mexaniki metod həşəratların məhv edilməsində tam effektiv üsul olmasa da, digər dezinseksiya metodlarına yardımçı kimi istifadə olunur.
Fiziki metod
Həşəratların yoluxduğu hissələrə yüksək hərarət tətbiq edilir. Bu hərarət nəticəsində zərərvericilər məhv olur. Əşyalara isti hava və rütubətli buxar vurulur. Həşəratlar olan paltarlar, yataq dəstləri qaynadılır.
Fiziki metoda yandırma da aiddir. Ancaq yandırma zamanı tüstü ətraf mühitə mənfi təsir edir. Həmçinin bu metod maliyyə məsrəfidir. Çünki hər dəfə əşyalar yandırıldıqda yenisi ilə əvəzlənməlidir.
Zərərvericiləri məhv etmək üçün soyuqdan donma üsulundan da istifadə edilir ki, bu da soyuğa davamsız həşəratlarla mübarizədə əlverişli təsir göstərir.
Bioloji metod
Bu metod zərərvericilərin onların canlı düşmənlərindən istifadə etməklə məhv edilməsidir. Yəni həşəratların düşmənlərinə (digər həşəratlar, heyvanlar, quşlar, balıqlar və s.) şərait yaradılır ki, onları ovlayıb məhv etsinlər. Necə ki, ördəklər ağcaqanadların, toyuqlar isə milçəklərin sürfələrini yeyirlər.
Həşəratlarla mübarizədə bioloji metodun bir üsulu da bakteriya, virus və göbələk növlərindən istifadə edərək yaradılmış insektisid, mikrobioloji vasitələrin (dərmanların) tətbiqidir. Bu mikrobioloji vasitələr həşəratlar arasında kütləvi xəstəlik törədir, zəhər təsiri göstərir və onları məhv edir.
Dezinfeksiya dezinseksiya və deratizasiya tədbirləri
Bütün bu xidmətləri həyata keçirən ölkəmizdə kifayət qədər şirkət və fərdi şəxslər var. Amma verilən xidmətin keyfiyyəti və zəmanəti ilə bağlı məsələ müştərilər üçün böyük bir sual olaraq qalır. Bu problemləri yaşamamaq üçün ilk öncə şirkətləri araşdırmaq onların əməkdaşlıq etdikləri şirkətlər və yaxud xidmət göstərdikləri fərdi şəxslərə baxmaq lazımdır. Bundan əlavə dezinfeksiya dezinseksiya və deratizasiya tədbirlərini həyata keçirən şirkətlərin rəsmi lisenziyalı olması da çox vacibdir. Lisenziyalı şirkətlərin həm dövlət tərəfindən həm də cəmiyyətdə bir sosial məsulliyəti olur. Ona görə də işlərini daha keyfiyyətli həyata keçirməyə çalışırlar. Əlavə olaraq uzun müddət bu sahədə fəaliyyət göstərən şirkətlərin peşəkar mütəxəssis komandası müştərilərə daha çox güvən verir.
Dezinseksiya şirkətləri
Dezinseksiya tədbirlərini bu sahədə ixtisaslaşmış dövlət (Ölkəmizdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi – RGEM) və özəl şirkətlər həyata keçirir. Dezinseksiya üçün sifariş verərkən, üsulların effektivliyinə və təhlükəsizliyinə xüsusi önəm verilməlidir.
Sanitariya Epidemioloji Xidmətlər MMC də dezinseksiya sahəsində uzun illərdir xidmət göstərir. 7/24 fəaliyyət göstərən şirkətimiz ixtisaslaşmış peşəkar komandası, Türkiyə, Avropa, Almaniya, Polşa, Rusiya və Səudiyyə Ərəbistanı istehsalı olan sertifikatlaşdırılmış məhsul və avadanlıqları ilə xidmətinizdədir.
Dezinseksiya xidmətləri ilə bağlı ətraflı məlumat ala yaxud bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz.