Deratizasiya nədir?
Deratizasiya gəmiricilərə (siçan, siçovul, sünbülqıran və s.) qarşı mübarizə tədbirləridir. Dünyada yaşayan məməlilərin xeyli hissəsini təşkil edən və sürətlə artan gəmiricilər insanların həyatına, fəaliyyətinə, təsərrüfatına və şəxsi biznesinə zərər verməklə iqtisadiyyata da nəzərə çarpacaq dərəcədə ziyan vurur. Gəmiricilər insanlar üçün təhlükəli olan 20 – dən çox xəstəliyin (tif, taun, bruselyoz, tulyaremiya, Sibir yarası, leptospiroz və s.) yayılmasına səbəb olurlar.
Gəmiricilərin tibbi – sanitar və iqrtisadi ziyanlarını minimuma endirmək üçün deratizasiya tədbirləri həyata keçirilir. Deratizasiya tədbirləri 2 mərhələdə aparılır. Birincisi gəmiricilərin yaranmaması üçün profilaktik tədbirlərdir. İkinci mərhələ gəmiricilərin olduğu yerlərdə məhvetmə tədbirləridir.
Profilaktik tədbirlərə məkanlarda və onların ətrafında gəmiricilərin uzaqlaşdırılması tədbirləri aiddir. Onların gələ biləcəyi müxtəlif dəliklər bağlanır, pəncərələr torlarla örtülür. Gəmiricilər üçün ən əlverişli yer anbarlar, zibil tullantılarının yığıldığı yerlər, zirzəmilər, mənzillər, xidmət və iaşə obyektlərinin mətbəxləri və s. yerlərdir. Onların zirzəmiyə daxil olmaması üçün döşəmə qalın beton təbəqə ilə döşənməlidir. Qapıların aşağı hissəsi dəmir təbəqədən ibarət olmalıdır. Çünki taxta məmulatlarından olan qapı və döşəməni gəmiricilər asanlıqla gəmirir, yol açaraq içəri daxil ola bilir.
Gəmiricilər daha çox qida məhsulları üçün gəlirlər. Ona görə də qida məhsulları saxlanılan qablar möhkəm bağlanmalıdır.
Sanitar – gigiyenik təmizliyə əməl edilməlidir. Qida qalıqları, zibillər vaxtında atılmalıdır. Təsərrüfatlarda məhsullar vaxtında yığılmalıdır ki, gəmiriciləri cəlb etməsin, onların yeminə çevrilməsin. Həyətlərdə və anbarlarda yığılan məhsullar yerdən bir az hündür və divarlara çox yaxın olmayan tərzdə yığılmalıdır ki, gəmiricilər üçün əlverişli olmasın.
Məhvetmə tədbirləri gəmiricilərin məhv edilməsini nəzərdə tutur. Buraya müxtəlif metodlardan istifadə etməklə gəmiriciləri öldürmək və onların artmasının qarşısını almaq aiddir.
Deratizasiya metodları
Gəmiricilərin məhv edilməsi müxtəlif metodlarla aparılır. Buraya mexaniki, bioloji və kimyəvi metodlar daxildir.
Mexaniki deratizasiya nədir? Bu üsul gəmiricilərin mexaniki qurğularla tutulması metodudur. Buraya tələlər, qarmaqlar, yapışqanlar və s. aiddir.
Tələyə gəmiricini cəlb edən qida qoyulur. Bu çörək, pendir, ət, kolbasa tikəsi və s. ola bilər. Bu qidalara zəhər də qatmaq olar. Əvvəlcə digər qida məhsullarını gəmiricilərdən uzaq tutun ki, uzun müddət ac qalsınlar. Belə olduğu halda mexaniki qurğulardakı qidaya tez yaxınlaşacaqlar. Mexaniki qurğular gəmiricinin çox keçdiyi yerlərə, yuvasının qarşısına qoyulmalıdır ki, tez tutulsun. Tələyə eyni vaxtda bir neçə gəmirici düşə bilər. Mexaniki vasitələrə gəmirici yapışqanları da aiddir. Yapışqana da cəlbedici yem qoyulmalıdır. Yemin kütləsi 50 qramdan çox olmamalıdır.
Mexaniki qurğulara salınaraq öldürülən gəmiricilər dezinfeksiya edilərək torpağa basdırılmalıdır.
Bioloji Deratizasiya nədir?
Bu metod təbii düşmənlərindən (itlər, pişiklər, vəhşi heyvanlar, quşlar və s.) istifadə edərək gəmiricilərin məhv edilməsi üsuludur. Məsələn, siçanları tutmaq üçün pişiklərdən istifadə olunur.
Bu metodda həmçinin insanlar üçün təhlükəsiz, ancaq gəmiricilər üçün xəstəlik törədən mikroorqanizmləri (bakteriyalar, viruslar, göbələklər və s.) qidaya qatmaqla zərərvericiləri zəhərləmək də nəzərdə tutulur.
Kimyəvi deratizasiya nədir
Bu metod kimyəvi tərkibli dərmanlardan, zəhərlərdən istifadəni nəzərdə tutur. Ən çox istifadə edilən və yüksək effektiv nəticə verən metoddur. Zəhərlər həm ayrılıqda, həm də cəlbedici qidalara qatılaraq gəmiricilərin yuvalarına, ən çox keçdikləri yerlərə qoyulur. Həmçinin gəmiricilərin yuvalarına qaz buraxılması da bu metodun bir üsuludur.
Effektiv deratizasiya necə olmalıdır?
Effektiv deratizasiya nəticədə gəmiricilərdən tam azad olmaqdır. Nəticənin səmərəliliyini yoxlamaq üçün nə etməlisiniz?
1.Baxın, gəmirici 3 gün ərzində qoyduğunuz tələyə düşübsə, deratizasiya prosesi səmərəli gedir.
2.Gəmiricilərin olub – olmadığını izləyin. Qidalarda, yaxud əşyalarda gəmiricilərin diş izləri, nəcisləri varmı?
3.Deratizasiyadan bir neçə gün sonra gəmiricilərin yuvalarına baxın. Bağladığınız yuvalar açılmayıbsa, deməli yenisi gəlməyib.
Təhlükəsiz deratizasiya nədir?
Gəmiricilərlə mübarizə üsulları ev heyvanları, insanlar və uşaqlar üçün təhlükəli ola bilər. Xüsusilə də mexaniki və kimyəvi metodlar. Kiçik yaşlı uşaqların gəmirici tələlərinə düşmə və kimyəvi zəhərləri yeyərək zəhərlənmələri, hətta ölüm halları az deyil. Gəmiricilərlə mübarizənin özbaşına aparılması riskini nəzərə alaraq bu sahədə ixtisaslaşmış şirkətlərə müraciət olunması tövsiyə edilir. Maraqlandığınız xidmət və məhsulla bağlı ətraflı məlumat almaq üçün əlaqə hissəsinə keçib birbaşa bizimlə əlaqə saxlaya bilərsiniz.