Bitlerden qurtulmagin yollari

Bitlərdən qurtulmağın yolları

Bitlənmə, (elmi adı pedikulyoz) bütün insanların yoluxa biləcəyi parazitlərə məruz qalmaqdır. Əsasən isti mövsümdə daha da artan bu problemlə hər il dünyada rəsmi statistikaya görə 12 milyona qədər insan rastlaşır. Qanla qidalanan bu parazitlər tullana və uça bilmir. Yalnız sürətli qaçır.

Bitlərlə hamı hər yerdə yoluxa bilər. Uşaq bağçalarında, məktəblərdə, gözəllik salonlarında, nəqliyyat vasitələrində, tibb, ticarət, istirahət mərkəzlərində, kinoteatrlarda, sosial sığınacaqlarda, qocalar evlərində, hərbi hissələrdə və s. toplu yerlərdə bitlənmə təhlükəsi olur.

Baş biti ilə yoluxmaya daha çox uşaqlar, xüsusilə də qızlar (gur saçlı olduqları üçün) məruz qalır. Bitlənən uşaq  ailə üzvlərini də yoluxdurur. Bütün bitlərin dişləməsi nəticəsində şiddətli qaşınma olur. Həmin yerdə dəridə qızartı, qançır və qabıqlar yaranır. Bu yer infeksiya mənbəyinə çevrilə bilir. Buna görə də bitlərdən qurtulmağın yollarını bilmək çox vacibdir.

Bitlərin növləri

Ümumilikdə bitlərin yüzlərlə növü var. Yalnız insan bitlərinin üç növü olur: baş biti, bədən biti və qasıq biti.

Baş biti

Baş biti baş dərisində yaşayır. Dəridə qanla qidalanır. 2-4 mm uzunluğunda olur. Üç cüt ayağı var. Bu ayaqları ilə saçdan bərk yapışır.

Dişi bitlər hər gün 5-7 yumurta (sirkələr) qoyur. Yumurtalar şəffaf, dəyirmi formada olur. Bitlər saçın dibinə sirkələrini yapışdırırlar. Sirkələr 1 həftədən sonra bitə çevrilir. Onların ömrü təxminən bir aydır.

Baş bitlərinin dişləməsindən sonra dəridə çox qaşınan yaralar qalır. Onları qaşımaq infeksiyaya səbəb ola bilər.

Yoluxma yolları:

Bitlənmiş şəxslə qucaqlaşma kimi yaxın təmas

Eyni divan, kreslo kimi mebellərdə əyləşmək

Daraqları, papaqları və digər  saç aksesuarlarını paylaşmaq

Eyni yataqda yatmaq

Bitlər suda 2 günə qədər yaşaya bilirlər. Bu səbəblə hovuzlardan da yoluxma baş verə bilər.

Bədən biti

Bədən bitləri yataq dəstlərinin və paltarların künclərində, əsasən tikiş yerlərində, bədənə yaxın hissələrdə yaşayır. Orada da yumurtlayır.

Əsasən bədənin bel, çiyin, boyun və s. hissələrindən qan sorurlar.

Ölçüləri 3-5 mm olur. Rəngi əsasən şəffaf və ağ olur. Yalnız qan sorduqdan sonra tündləşir.

Ömrü 35-45 (dişilər çox yaşayır) gün arasında dəyişir. Dişi bitlər ömrü boyu 300-ə qədər yumurta qoya bilir.

Yoluxma yolları:

Bitlənmiş şəxsin geyimini geyindikdə

Bitlənmiş yataqda yatmaq

İnsanların sıx olduğu yerlərdə (məsələn, hərbi hissələrdə) bədən bitinə yoluxmuş şəxslərlə təmas

Bədən bitləri  tif, qızdırma kimi təhlükəli xəstəliklərin daşıyıcılarıdır.

Qasıq biti

Adətən qasıqda və qoltuq altında olur. Sinə və üz tüklərində də tapıla bilər. Onlar digər bitlərdən kiçik olur. Ölçüsü 1,5 mm-dir. Açıq qəhvəyi rəngdə olur.

20-40 dərəcə arası temperaturda yumurtlayıb artır.

Yoluxmanın yolları:

Yoluxmuş şəxslə yaxın təmas

Cinsi yolla

1-2 gün ərzində bədəndən kənarda yaşaya bildiyi üçün şəxsi əşyalardan ortaq istifadə

Hovuz, hamam, sauna, solaryum, ictimai tualetlər vasitəsilə

Bu növ bitlər sifilis , gonoreya , xlamidiya kimi cinsi yolla keçən xəstəliklərin daşıyıcısıdır.

Bitlərdən qorunmağın yolları

Öncə bilmək lazımdır ki, bitlər yaxın təmas yolu ilə ötürülür. Yoluxmamaq üçün yoluxmuş insanlarla yaxın təmasdan qaçın. Onlarla qucaqlaşmayın. Şəxsi gigiyena qaydalarına riayət edin. Bitlənmiş şəxsin səxsi əşyalarını, geyimini, saç aksesuarlarını, qulaqcıqlarını, dəsmalını, yatağını istifadə etməyin.

Bitlərdən qurtulmağın yolları

Bitlərə yoluxubsunuzsa, bu parazitlərlə mübarizə asan deyil. Bitlərdən qurtulmağın yolları müxtəlifdir. Tarixən xalq təbabətindən  istifadə olunsa da onlar həmişə təsirli deyil. Çünki tüklərin arasında qalan tək-tək bitlər və onların yumurtaları yenidən yetişkin parazitə çevrilir, nəsil artırır.

Baş bitlərindən qurtulmağın yollarından biri də bitləri öldürmək üçün xüsusi şampunlardan istifadədir. Şampun üzərindəki  təlimatlara uyğun olaraq saçlara çəkilir. Şampunun xüsusi darağı ilə saçlar dibdən uca qədər daranır, sonra yuyulur. Bu proses bir həftədən sonra təkrarlanmalıdır. Çünki saç diblərində qalmış bit yumurtaları (sirkələr) bitə çevrilir. Saş aksesuarları, daraqlar, papaqlar, yaylıq və şərflər yuyulmalı, xüsusi dezinfeksiyaedici məhlulla işlənməlidir. Yataq dəstləri, paltarlar yüksək temperaturda yuyulmalı, isti ütü ilə ütülənməlidir.

Baş bitində olduğu kimi bədən və qasıq bitləri üçün də xüsusi müalicə üsulu, dərmanlar var. Lakin fərdi şəkildə təmizlənməklə iş bitmir. Parazitlərə yoluxmuş insanların olduğu məkanlar da dezinseksiya edilib təmizlənməlidir ki, təkrar yoluxma olmasın. Bitlərə qarşı mübarizə və digər dezinseksiya xidmətləri üçün keçid edə yaxud bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz.

Related Blog